İnteqrasiya edilmiş STEAM təhsili elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən, bu fənlər arasındakı əlaqələrə və gerçək dünya problemlərinə əsaslanan öyrənməni dəstəkləyən metoddur. Bu gün bir çox müəllim bu fənlərin tədrisində ənənəvi yanaşmanın artıq işə yaramadığını, onların ayrılıqda deyil, birlikdə öyrənildikdə faydalı olduğunu təsdiq edir.
STEAM metodu şagirdlərə 21-ci əsr üçün mühüm sayılan bacarıqların inkişaf etdirilməsi, həmçinin onların istənilən yaşda və müxtəlif sahələrdə uğurlu olmalarının təmin edilməsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. STEAM təhsili şagirdləri dərsliklərdə yazılanlara əsaslanmaqdansa, düzgün nəticəyə çatmaq üçün təcrübə aparmağa, səhv etməyə və bu təcrübələrdən öyrənməyə təşviq edir.
STEAM metodunu təşkil edən hissələr ilə tanış olaq:
Elmin digər fənlərə inteqrasiyası şagirdlər üçün faydalıdır, çünki onlar və özlərini içində tapdıqları fəaliyyətlər də daxil olmaqla yaşadıqları dünya haqqında daha çox şey öyrənirlər. Bundan əlavə, texnologiyanın inkişafı ilə yanaşı, elmdəki inkişaf tibb, kənd təsərrüfatı, təhsil, informasiya və texnologiya və daha çox istiqamətlərin müxtəlif sahələrdə inqilab yaratmasına səbəb olur.
STEAM təhsilində texnologiyanın öyrənilməsi şagirdlərdə öyrənmə, ünsiyyət qurma, düşüncə tərzinin dəyişilməsinə səbəb olur. Texnologiya inkişaf etdikcə, uşaqların yaradıcılıq bacarığını formalaşdırmağa kömək edən üsullar tapmaq vacibdir. Yaradıcı düşüncə, problem həll etmə və texnologiyanın vəhdətində öyrənmək yeniliyin, eyni zamanda məhsuldarlığın açarıdır.
Şagirdlər üçün bəzən artıq qəbul edilmiş hər hansı bir elmi həqiqəti yoxlamaq çətin görünsə də, mühəndislik layihələri şagirdlərə prosesin əsl mahiyyətini göstərir. Şagirdlərdən "ən yaxşı" həll yolunu tapmaq üçün cari bilikləri və kəşfləri yeni sahələrə tətbiq etməyi təşviq edən layihələr ortaya qoyulur. Bu layihələr onları elm dünyasında aktiv oyunçulara çevirir. Nəticədə, şagird texnologiyanın mühəndislik prizmasından gördükdə bunun "qoşula bilən bir şey" -dən daha artıq olduğunu başa düşür.
İncəsənət STEAM təhsilində əldə olunan bacarıqların inkişafını artırmaq, eyni zamanda məhsuldarlıq, adaptasiya, məsuliyyət və yeniliyi artırmaq üçün yaradıcılıq və təxəyyüldən istifadə etməkdir. Başqa sözlə desək, incəsənət qarşılıqlı əlaqəni inkişaf etdirir, STEAM mövzularını daha əyləncəli edir, düşündürür və tələbələrin dərsdə iştirakını artırır. Bir çox müəllim incəsənət olmadan şagirdlərin potensiallarına çatmalarının qeyri-mümkün olduğuna inanır.
Uşaqlarda riyaziyyata olan sevgini artırmağın ən yaxşı üsullarından biri onu STEAM metodu ilə tədris etməkdir. Bunu şagirdlərə hər hansı bir problemi həll etmək üçün formullar və müəyyən vaxt vermək kimi ənənəvi qaydalardan kənara çıxıb, onları qrup halında birləşdirib müzakirə etmələrini təmin etməklə və hərəsinin 1-2 təklif verməsinə imkan verməklə etmək olar. Bu, uşaqlarda komanda halında işləmək, problem həll etmə, ünsiyyət və daha dərin düşünmək bacarığını formalaşdırmaq üçün vacibdir. Riyaziyyat həmçinin uşaqlara kod yazmağı öyrətməyin mühüm elementidir. Sadə kompüter oyunu və ya animasiya ardıcıllığı yaratmaq kimi riyaziyyatın çoxsahəli bir mühitdə tətbiq olunmasına kömək edəcək əlavə bir maraqlı üsuldur.